Yatmışlardan Susqunlara

Onlar Yatmışlar-ı oyatdılar. Barri Levinsonun Yatmışlar-ını. Bəs bizim Yatmışlar-ı (serial sektorunu) kim oyadacaq?

Yatmışlar

Dünya sabun operalarını, telenovellaları, sitkomları artıq çoxdan zibil qutusuna göndərərkən, bizimkilər çeynənmiş, yeyilmiş, amma həzm olunmamış formatları yenidən bizə sırımaqla məşğuldurlar. Dr. Haus, Homeland, Boardwalk Empire, Newsroom, Simpsons, Sherlock, Game of Thrones və bu nəsildən olan bir çox kino və intellektual yüklü serialları izləyən bu günkü tamaşaçıya yenidən Mariyanasayaq melodramlar təklif edənlər görən nə haqda düşünürlər?

Biz “keçən ilki ilə müqayisədə bu babatdır”, “o birinə baxanda bu yaxşıdır”,  “heç olmamaqdansa, bu var” deyərkən, “yaxşı”, “əla”, “şedevr” sözlərini müstəqil, heç bir şeylə müqayisədə istifadə edəcəyimiz günü teleskopla gözlərkən, qonşumuzda Hollivud kinolarını böyrü üstə yıxan, tapdalayan, az qala onlarkını onların özündən daha yaxşı edə biləcək bir sektor yaranır. Biz isə bu arada çəkilən, pardon, sanki əlləri “rec” düyməsinə dəyib heç özlərinin də xəbərləri olmadan çəkilən serialları tənqid və təhlil etməkçün müvafiq sözlər axtarmaqla məşğul oluruq, amma tapa bilmirik. Çünki  kinematoqrafın terminologiyasında belə “avi, mp4, mpeg”ləri məngənədən keçirtməkçün uyğun terminlər yoxdur, çünki heç onların kino ilə yaxından uzaqdan heç bir əlaqəsi yoxdur.

Orta söz

Bizim Yatmışlar oyanar-oyanmaz iş görmək istədilər. Öyrənmədən. Həm də çox danışdılar. Çünki az bilirdilər. Öyrənənlər, çox bilənlər isə az danışırlar, ya da susurlar.

İş görənlər Susqunlar-dır, onların gördüyü iş özü danışır. Oyanan kimi iş görəndə isə  bizim sektordakı mənzərə alınır.

Türklər əla çəkir, nə çəkirlərsə, hamısı şedevrdir falan deyə bir şey yox. Onların bir gün gəlib Fransızlara, Almanlara çatacağı bir iddia da yox. Amma ən azından çəkdikləri serialları (diziləri) “aktyorlar süni oynayır”, “səslənmə zəifdir”, “kamera işi yoxdur”, “dialoqlar sönükdür”, “görüntü keyfiyyəti heç nədir” kimi kriteriyalara görə təhlil etmirlər. Ən pis halda “yüngül mövzudur”, “sabun operasıdır”, “evdar qadınlara hesablanıb” deyirik. Yəni mövzunu müzakirə edirik, daha adi texniki göstəriciləri yox. İldə çəkilən 80-100 dizi arasında da hərdən həftədə  bir saat vaxtını ayırıb baxacağın, sonra da haqqında bir-iki kəlmə heç bir filmlə müqayisə etmədən “əla”, “yaxşı” deyə biləcəyin 2-3 dizi də çəkilir – Ezel, Behzat Ç, İşler Güçler və SUSKUNLAR kimi.

Susqunlar

Türkiyənin serial bazarında digərlərindən fərqli tərz, mövzu yanaşımı ilə fərqlənən, dünyaya açıla biləcək alnı açıq seriallar barmaqla sayılası qədərdir. İki minlərdən başalanan serial bumunda fərqli siqnallar verən ilk dizi Ezel oldu deyə bilərik. Yəqin elə bu siqnallar da daha yetkin, daha professional, daha tutumlu bir serialın gələcəyinə işartı idi.

Eyni komanda iki il sonra, yəni bu ilin martında ortaya qoyduqları keyfiyyətli iş ilə türk serial sektorunun əslində heç də çoxunun düşündüyü kimi zirvədə olmadığını və bu günə kimi çəkilən serialların çoxunun tələb-təklif, xaltura prinsipləri ilə ərsəyə gəldiyini, gözüsulu auditoriya hesablandığı sübut etdi. Tamaşaçı fərqi gördükdə isə film ətrafında böyük ajiotaj yarandı və heç kim Susmadı.

Barri Levinsonun 1996-cı ildə çəkdiyi Yatmışlar (Sleepers) dramından təsirlənən ssenarist Pınar Bulut hekayəni eyni filmin sujeti əsasında daha da zənginləşdirərək sonucda tam fərqli və tutarlı bir hekayə yaradıb. Elə bir hekayə ki, oradan nə Hollivud iyi gəlir, nə də İstanbul.

Kiçik bir ehtiyyatsızlıq üzündən uşaq həbsxanasına düşən dostlar – Ecevit, Bilal, Zeki ve İbo burada başlarına gətirilənlərdən sonra hər şeyi unutmaq üçün bir daha görüşməmək və SUSMAQ qərarına gəlirlər. Amma 20 il sonra Zekinin ölümü və intiqam hissi dostları yenidən bir araya gətirir.

Murat Yıldırım, Sarp Akkaya, Güven Murat Akpınar, Aslı Enver, Mehmet Özgür, Berk Hakman və Reha Özcan kimi aktyorlar ifaları ilə bu hekayəni daha da dramatikləşdirir və sanki hər bir aktyorun rol ifa etdiyi yox, öz talelərini yaşadığı təsəvvürü yaranır.

Və təbii ki, Umur Turugay, M.Çağatay Tosun və Çağrı Lostuvalı kimi rejissorların bu günə kimi susması və hələ də Susqunlar deyə susması onlar haqqında yüksək ölçülərdə düşünməyə əsas verir.

Onlar Yatmışlar-ı oyatdılar. Bəs bizim Yatmışlar nə zaman oyanacaq?

Tarantino ilə Fictional müsahibəm

Tarantinonun özü ilə həmişə tapança və samuray qılıncını gəzdirdiyini nəzərə alıb müsahibəyə bir az hazırlıqlı getmişdim. Altdan gülləkeçirməz cilet, əlimdə də qalxan. Amma qardaş uzaqdan məni görcək üzünə yaradıcılıq təbəssümü qondu, gözlərinə Tunqsten işığı gəldi. Elə bil məni yox, Rodriqezi görmüşdü. Yaxınlaşanda qucaqlaşıb öpüşmək, nə bilim əlimi sıxmaq, lap məəttəl qalmışdım. Görən deyərdi ki, mən yox, o məndən müsahibə götürməyə gəlib. 1 dəqiqə 36 saniyədən sonra məlum oldu ki, Tarantinoya məni səhvən məhşur bir kinotənqidçi kimi təqdim ediblər və rejissorun da onun qarşısında bu cür qıvrılması təbii idi. Amma inanın ki, bu hərəkəti gördükdən sonra, gözümdən Spilberq düşən kimi düşdü. Dedim ki, acığa sındıracam bunu suallarımla. Özü də biləndə ki, səhvən mənə girənlik edib, onda lap tərs-tərs baxmağa başladı mən tərəfə. Mən də başladım, nə başladım. Sənətə dəxli olmayan nə suallar var idisə, hamısını tökdüm ortaya…

Tarantino müəllim, o düzdür ki, rejissor olmayana qədər prokat dükanında işləmisiz və ora gələn bütün müştərilərə əxlaqsız filmlər məsləhət görmüsüz?

-          Düzdür, prokat dükanında işləmişəm, amma..

Amması lazım deyil, demək düz imiş. Bəs 60-70-ci illərin kinolarına baxıb onları müasir üslübda plagiat etməyinizi boynuna alırsız?

-          60-70-ci illərin filmlərini çox izləmişəm, təsirlənmişəm, lakin..

Aha, demək bunu da boynunuza alırsız. Mən elə bilirdim sizin işiniz deyil belə şeylər yaratmaq. Sizinki ancaq uzun-uzadı mənasız dialoqlardır. Bunu sizə yəqin çoxları deyir, eləmi?

-          Bəli, birinci adam deyilsiz. Bu mənim üslubumdur. Dəyişmək fikrim də yoxdur.

Demək tamaşaçıların fikri sizin qulağınıza deyil də?  Heç utanırsız?  Onların hesabına Tarantino olmusuz, indi deyirsiz ki, bu mənim üslubumdur?

-          Məncə sizin kinodan xəbəriniz yoxdur..

Nə danışısan…Mən kino təhlil edəndə sən giydirmə ssenarilərini rəhmətlik Tonni Skota sırıyıb Kriminal Qiraət üçün pul toplayırdın. Sən elə bilirsən guya sən bomba rejissorsan, guya səni hamı tanıyır?

-          Məni tanıyanlar çoxdur, tanımayanlar da ən azından filmlərimi tanıyır, dolayısıyla da məni tanımış olurlar.

Tarantino, qaqaş, ola bilsin bunu sənə indiyəcən heç kim deməyib, amma gərək həqiqəti dediyim üçün məni bağışlayasan. Sən özün haqqında böyük (HD) fikirdəsən. Hərçənd indi bu da keçəcək. Desəm ki, bizim tərəflərdə səni az adam tanıyır ağ olar. Çünki o tərəflərdə səni demək olar ki, heç kim tanımır. Elə filmlərinə də 5-6 nəfər baxıb. Ümumiyyətlə biz səviyyəsiz filmlərə baxmırıq. Siz yaxşısı budur filmlərinizdə Ceyson Stethemi, Stalloneni, ya da Nikolas Keyci çəkin. Bəlkə onların hesabına sizi də tanıdılar.

-          Heç vaxt.

Çox şükür. Deməli sizi heç vaxt tanımayacaqlar. Bəs o düzdür ki, yeni filminizi də plagiat eləmisiz? Yəni artıq Tarantino tükənib? Özü bir şey yarada bilmir? Hərçənd bundan öncəkiləri də özü yaratmamışdı, amma heç olmasa onda adı özünüzkü olurdu. Bu Canqoda isə ad qarışıq hər şey oğurlamısız. Yəni bundan sonra hələ də sənətdə qalmaq fikrindəsiz?

Bu sualı verdikdən sonra Tarantino qardaş bir az susdu, sonra sifəti qızarmağa başladı, daha sonra ispan öküzləri kimi nə təhər qızdısa, əlini atıb böyründəki (təbii ki daşı yox) tapançanı çıxardıb tutdu (yenə də təbii ki mənə yox) öz başına və dedi ki – Öldürəjəm özümü. Elə bu moment mən də əlimi atıb fotoaparata çəkdim şəklini :)

Bornun Atasının Əmisi Nəvəsinin Xalası oğlu (Bornun Varisi)

Əhvalat vaqe olur Kaliforniya yarımadasında yerləşən Kaliforniya Ştatının Hollivud şəhərciyində.  Bornun trillogiyasının uğurundan sonra istehsalçı şirkət Borndan bəhs edən dördüncü filmi çəkmək qərarına gəlir. Toni Qilroy (ilk üç filmin ssenaristi) elə bunu gözləyirmiş kimi ireski yastığının altında bəslədiyi hazır ssenarisini atır ortaya. Mett  Deymon da razılığını verir, elə son iki filmi çəkmiş rejissor Pol Qrinqrass da. Sonra istehsalçı şirkət oturub fikirləşir ki, Pol Qrinqrass bizdən çox pul alır deyəsən, bəlkə onun torbasını tikək?  Əvəzində də artıq bir neçə film çəkmiş ssenaristimizi ortabab qiymətlə otuzduraq rejissor kürsüsünə.  Beləcə Pol Qrinqrassla bir həngamə çıxarıb onu proyektdən uzaqlaşdırırlar. Toni Qilroy da bu şəd xəbəri eşidər –eşidməz boyun aldığı qoyunu kəsib ətini kasıb-kusuba (pirotexniklərə) paylayır.  Bunu eşidən Mett Deymon ortancıl barmağın yol işarəsini istehsalçı şirkətə və Qilroya göstərərək ancaq Pol Qrinqrassın rejissor olduğu təqdirdə filmə çəkiləcəyini bildirir. Çıxarkən də Qilroya səndən rejissor olarsa, mən də həmin gün Mastroyanni olaram deyir.

Pis vəziyyətə düşən şirkət proyekti bağlamaq istəyərkən hər vəziyyətdən çıxış yolu tapan Qilroy burada da öz məharətini göstərir və deyir ki, elə bu gecə ssenarinin yeni versiyasını yazajam – deyir və elə də edir. Yeni ssenarinin adı “Bornun Atasının Əmisi Nəvəsinin Xalası oğlu” olur. Necə deyərlər təki filmin adında Bornun adı olsun. Daha sonra başlayırlar Bornun Atasının Əmisi Nəvəsinin Xalası oğlunu canlandıracaq aktyoru seçməyə. Djeyk Djillinhol, Tobi Maquayr, Maykl Fasbendr, Teylor Kitç və digər bir vaqon aktyorlar arasında yalnız Djeremi Renner 5 milyonluq qonorarla Bornun Atasının Əmisi Nəvəsinin Xalası oğlu olmağa razılaşır.

Film çəkilir. İçərisində 2 dəfə yarım Bornun şəkili, bir dəfə də adı yazılmış taxta göstərilir.

Kim Ki Duk çəkir (Arsız don bu) – Şeir

peraşki yeyə yeyə
yeriyir onlar
ər ilə arvad
arvad qabaqda
qabaq alırlar
al-ver, ver al
alça, albalı
arı balı
bala ağlayır
ağ papaq istəyir
istidə əriyir
ər yeyir dondurma
don görüb arvad
arsız don bu
buz bağlayıb
bığları kişinin
kişi çox əsəbi
əsir əlləri
əlində yox pul
pul arvadda
arvad istəyir
istidən əriyir
ər yeyir dondurma
don alır arvad
ar gedir əldən
əlində yox pul
pul arvadda
arvad alır
alça, albalı
al xalı, arı balı
bala ağlayır
ağ papaq istəyir
istidə əriyir
ər çıxır yoxa
yox ər, var pul
pul arvadda
arvad kefdə
küftə, dolma
olmaz bu gün
günəş yandırır
yan tərliyir
tər basır yeri
yer fırlanır
fırfıra kimi
Kim Ki Duk çəkir
çəkmədə kişi
Kiş balıqları
balla bir yerdə
yeriyir bazarda
bazarlıq əlində
əlləri titrəyir
titrək səslə
səsləyir nəvəni
nəvə o yanda
yanır istidə
istəyir dondurma                               
don alımış arvad
arını axtarır
axta ərini
ərinir istidə
istəyir dondurma
dondurmasatan
satır sonuncunu
sonuncu dondurma
don almış arvad
arını itirmiş
it qapır əlindən
əlləri donur
don dondurmaya
dondurma üstünə
üstünə balıqlar
balla bir yerdə
yer fırlanır
fırfıra kimi
Kim Ki Duk çəkir
çəkidə aldadır
albalı, alma
al yanaqlı
yanmış günəşdə Günəşin üzü üzüm dərəndə…

12 Qəzəbli Kişinin Səsi

12 Angry Men

Düzdür, kino baxılmaq üçün çəkilir. Amma hərdən dinləmək də olar. Qiyabi olaraq rejissorluq etmək üçün heç vaxt baxmadığın filmi dinləyib sonra baxmağın öz ləzzəti var.

İlk eksperimenti 12 Qəzəbli Kişi ilə aparacayıq :)

12 Angry Men.

İran Kinosu Üzərindən Bir Uçuş

Cənub qonşumuz bəlkə də bir çox şeylərə görə bizə həsəd apara bilər. Amma bunların içərisində dəqiq Kino yoxdur. Qılınc və Çadra altında yaradılsa da, bütün dünyaya meydan oxuyan Kinoları ilə İran rejissorları qarşısında baş əyməkdən başqa çarəmiz yoxdur.

Tarkovski bizim qonşumuz olsa da, onlar daha çox bəhrələndilər, özününkiləşdirdilər. Sonra bir az Odzulaşıb, bir az da Qodarlaşdılar, arada lap Felliniləşdilər də. Amma eybəcər şəkildə onları imitasiya etmədilər, əksinə, özlərinə qatıb yeni bir şey ortaya qoydular. Elə bir şey ki, az bir zamanda Kann, Berlin və Venesiyada onun öz yeri oldu. Bəli, bu iran Kinosu idi, bu Kiarostami, bu Pənahi, bu Maxmalbaf, bu Qobadi, bu Məcidi, bu Fərhadi və onlarla başqaları idi.

Məcid  Məcidin filmlərinin əsas qəhrəmanları uşaqlardır, bir də Qırmızı Balıqlar. Məcidi filmlərində uşaq dünyasını ifadə oluna biləcəyindən də artıq səmimi açıb göstərə bilir. Məsləhət görə biləcəyim filmləri bunlardır:

Bülbüllərin nəğməsi / Avaze gonjeshk-ha  (2008)

Cənnətin Rəngi / Rang-e khoda (1999)

Səma uşaqları / Bacheha-Ye aseman (1997)

Söyüd Ağacı / Beed-e majnoon (2005)

İran kinosunda Tarkovski  üslubunun ən nəzərəçarpan izlərini məhz Abbas Kiarostami yaradıcılığında sezmək olar. Cənubluların yeganə Palma Budağı da məhz Kiarostaminin aktivindədir. Görünür yaradıcılığına ola biləcək maneələri  gözə alan rejissor  son filmlərini Fransada ekranlaşdırır. Qeyd olunası filmləri aşağıdakılardır.

Yaxın Plan / Nema-ye Nazdik (1990)

Albalının dadı / Ta’m e guilass (1997)

Həyat və daha heç nə / Zendegi va digar hich (1992)

Bizi külək aparacaq / Bad ma ra khahad bord (1999)

On / Ten (2002)

İran kinosunun ən başıbəlalı nümayəndəsi Cəfər Pənahidir. Demək olar ki, bütün filmlərində rejimə qarşı çıxan rejissor 2010-cu ildə 6 illik həbsə atldı və 20 il müddətinə kinodan uzaqlaşdırıldı. Filmlərində daha çox qadın hüquqlarına toxunan rejissorun qəhrəmanları  fars dili ilə yanaşı tez-tez Azərbaycan dilində də danışırlar. Buna Məcidinin Bülbüllərin Nəğməsi filmində də rast gəlmək olar. Vurğulanası filmləri bunlardır.

Dairə / Dayereh (2000)

Ofsayd / Offside (2006)

Güzgü / Ayneh (1997)

Bu film deyil (sənədli) / İn film nist (2010)

Bəhman Qobadi  iran Kürdüdür və filmlərində daha çox İran –İraq sərhədində baş verən problematik situasiyalara yer ayırır. Bununla bərabər Qobadi müasir iran kinosuna musiqi gətirən rejissordur. Onun qəhrəmanları türk, fars və azərbaycanca oxuyanlar olur. Sonuncu filmində Qobadi daha irəli gedərək rok qrupundan bəhs edən bir şedevr ortaya qoyub və dərhal da qadağan olunmuş filmlər siyahısına düşməklə film Qobadini də rejimin qara siyahısına düşən rejissorlarından birinə çevrilib.

İran pişikləri haqqında heç kəs bilmir / Kasi az gorbehaye irani khabar nadareh (2009)

Tısbağalar da uça bilir / Lakposhtha parvaz mikonand (2004)

Sərxoş atların zamanı / Zamani barayé masti asbha  (2000)

Mohsen Maxmalbaf müasir iran kinosunun bayraqdarlarından biridir. Həyat yoldaşı və qızı da bu sənətin davamçıları olan Maxmalbaf yaradıcılığının ilk dövrlərində ölkəsində yaşayıb yaratsa da, sonrakı dövrlərdə yaradıcılığına olan qadağalar onu da bir çoxları kimi xarici kinoşirkətlər ilə əməkdaşlığa məcbur etdi. Filmlərində gerçəkliyin təsviri olduqca yüksəkdir və hətta bəzən səndliliklə bədiilik arasında fərqi də görmək çətin  olur.

Çörək və Güldan / Nun va Goldoon (1996)

Qəndəhar / Safar e Ghandehar (2001)

Qarışqaların fəryadı / Faryad moorcheha (2007)

Seks və Fəlsəfə / Sex & Philosophy (2005)

Adlarını sadaladığım filmlərin demək olar ki, heç birini dilimizə tərcümə olunmuş şəkildə tapmaq mümkün deyil. Çox az qismi rus dilinə tərcümə olunub. Maraqlananlar daha çox orijinal adla YouTube-da axtarış versələr, filmləri tapa biləcəklər. Lakin onların da yalnız bəziləri ingilis dilli subtitrlarla müşaiyət olunur. Problemi həll etmək üçün subtitrları ayrıca endirmək, ya da fars dilini öyrənmək olar :)

The Dark Knight Rises and Ends (Əfsanənin Sonu)

Nəhayət Nolan  7 il öncə boynuna götürdüyü Bətmən trilogiyasını sona yetirdi. Amma bu son haqqında bir az sonra. Filmin adına və onun dilimizə tərcüməsinə diqqət edək. İlk öncə qeyd edim ki, Bətmən haqqında çəkilmiş onlarla filmlər içərisində Nolanın  2-ci Bətməni – The Dark Knight yeganə film olub ki, onun adında Bətmən adı işlədilməyib. Rejissor sonuncu filmdə də bu ənənəyə sadiq qalaraq filmi The Dark Knigt Rises adlandırıb. The  Dark Knight dilimizə Qaranlıq Cəngavər kimi tərcümə olunub. Dilə yatımlı və məntiqə sığımlı olmamağından uğursuz tərcümə olduğu göz qabağındadır. Üstəgəl Dark sözünün də yalnız Qaranlıq mənasının olmaması, Sirli, Naməlum kimi anlaşılması da, əslində rejissorun daha çox bu mənalara ehyam vurduğunu təxmin etmək olar. Rise –hissəsinin tərcüməsinə gəldikdə isə, onu Yüksəliş kimi tərcümə ediblər. Hərçənd bu söz Üsyan kimi də tərcümə oluna bilər, baxmayaraq ki, mən də daha çox Yüksəliş kimi tərcümə olunmasının tərəfdarıyam.

İndi isə filmin özü haqqında. Deməliyəm ki, Nolanın yaratdığı Bətmən obrazı ona qədər olan bütün Bətmənlərdən fərqli, samballı, mürəkkəb və dramatikdir. Nolan komikslər əsasında çəkilmiş filmlər haqqında olan bütün stereotipləri dəyişən və oradakı obrazlara hətta Oskar qazandırmış bir rejissordur. Gəl ki, sonuncu filmdən olan gözləntilərim heç də özünü doğrultmadı və özündən əvvəlki filmə nə çata, nə də onu üstələyə bildi. Bunun əsas səbəbi bəlkə də, baş mənfi qəhrəmanın  – Beynin zəifliyi idi. Düzdür, Beyn vizual olaraq çox mükəmməl işlənmiş bir obrazdır. Onun maskası və şişirdilmiş əzələləri ilk baxışdan qorxunc  və mürəkkəb bir mənfi qəhraman olacağına ümid verir. Lakin bütün bunlar ehtimallardan o yana keçmir. Beyn bütün film boyu yalnız qollarının gücünə güvənən enlikürək  pis oğlan kimi qalır, o Joker səviyyəsinə nəinki qalxa, heç ona uzaqdan belə baxa bilmir. İkinci filmin uğurunun əsas  hissəsinin Jokerin payına düşdüyünü bu filmin mənfi qəhramanının zəifliyi fonunda bir daha anlamış oluruq. Filmin zəif nöqtələrindən biri də Bətmənlə Beynin döyüş səhnələridir. Bu əlbəyaxalar  çox süni və robotların döyüşünü xatırladırdı. Baxmayaraq ki, mən Warrior filmində çox uğurlu obraz yaratmış Tom Hardinin heç olmasa bu işin öhtəsindən yaxşı gələcəyinə ümid edirdim. Daha çox intellektual filmlər çəkən  Nolanın döyüş səhnələrinə quruluş verməkdə zəiflik göstərməsi anlaşılandır.

Kristian Beylin oyunu barəsində bir söz deməyəcəm. Çünki bu aktyor yaratdığı bütün obrazlarda can qoyur. Bu filmin öncəkidən azacıq zəif alınmasında onun heç bir günahı yoxdur. Yeri gəlmiş, En Heteveyin də oyununu qeyd etməmək günah olar. Onun Cat Woman obrazını yaradacığını eşidəndə, melodramlar ulduzunun bu filmdə apendesit olacağını düşünürdüm. Amma deməliyəm ki, Hetevey məni həqiqətən də təəccübləndirdi.

Filmin sonluğuna gəldikdə isə, düşünürəm ki, Nolan finalı həmişəki kimi  gözlənilməz və mükəmməl edə bilmişdi. Lakin filmin iki saat yarım ərizində aldığı enerjini bütünlüklə geriyə qaytara bilmədi.  Nolan bununla Bətmən trillogiyasın son qoyduğunu və bir daha bu mövzuya qayıtmayacağını desə də, Djeykin timsalında qoyduğu ipucu nə vaxtsa onun bir daha bu mövzuya qayıdacağına ümid verə bilər.

Sonda onu da qeyd edim ki, məncə Nolan daha Hans Zimmerlə işləməsə yaxşıdır. Onun bir – birinə oxşar kompozisiyaları Nolan filmlərinin hamısının bir – birinə oxşaması ilə nəticələnir.


Avqust 2014
Be Ça Ç Ca C Şb B
« Okt    
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Blogun statistikası

  • 17,812 hits

miR bagiR in Twitter

  • Şortik geymәk üçün sәrhәddәn o yana getdinmi, oğul? :) 22 hours ago
  • Yaxın gәlәcәkdә iki siçovul kinoteatrın anbarında sonuncu Möhtәşәm Qetsbi filminin kinolentini gәmirir. -... fb.me/3JTCJse4a 23 hours ago
  • Yadıma "Ayna" filmi ilə bağlı yüksək intellektli auditoriyadakı bir mübahisə düşür. Artıq xeyli gec idi və oranı... fb.me/1t2EmxRfb 1 day ago
  • Tanış olun, əmim Vudi :) fb.me/2l7QQPf7c 2 days ago
  • Bu gün dәnizin sahilindәn vә içindәn tualet kimi istifadә edәnlәr, sabah olunca çimmәyә tәmiz su, oturmağa tәmiz sahil axtarırlar. 2 days ago

Enter your email address to follow this blog and receive notifications of new posts by email.

Digər 46 izləyiciyə qoşulun


İzlə

Hər yeni yazı üçün e-poçt qutunuza göndəriş alın.

Digər 46 izləyiciyə qoşulun

%d bloqqer bunu bəyənir: